ELM VƏ TƏHSİL
BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq
Bakı, 8 aprel, AZƏRTAC
Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız, beynəlxalq əlaqələr şöbəsinin müdiri və təhsil fakültəsinin dekanı Ali Aksu Bakı Dövlət Universitetində (BDU) olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BDU-nun rektoru Elçin Babayev görüşün əlaqələrin daha da genişlənməsinə təkan olacağını vurğulayıb. Universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxalq əlaqələri ilə bağlı hədəflərini açıqlayan rektor müasir elmin tələblərinə uyğun olaraq, humanitar və təbiət elmləri sahəsində birgə araşdırmaların aparılması ilə bağlı fikrilərini bölüşüb.
Görüşdə magistratura və doktorantura səviyyələrində ikili diplom, tələbə-müəllim mübadiləsi, birgə proqram və qrant məsələləri də müzakirə edilib.
Professor Alim Yıldız Bakı Dövlət Universiteti ilə “Erasmus+” proqramı çərçivəsində tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini, bu istiqamətdə əlaqələrin daha da intensivləşdirilməsinə ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Bakı Dövlət Universiteti ilə Sivas Cümhuriyyət Universiteti arasında imzalanmış müqaviləyə əsasən, indiyədək BDU-nun beş bakalavr, iki magistrant, üç doktorant və yeddi əməkdaşı Sivas Cümhuriyyət Universitetində, həmin ali təhsil müəssisəsindən isə iki bakalavr, iki magistrant və 13 əməkdaşı BDU-da təcrübə mübadiləsində iştirak ediblər.
Hazırda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bir doktorantı Sivas Cümhuriyyət Universitetdə, həmin universitetin üç tələbəsi isə BDU-da təhsillərini davam etdirirlər. Filologiya, sosial elmlər və psixologiya fakültələrində təcrübə keçən türkiyəli tələbələr görüşdə iştirak edərək layihə ilə bağlı fikirlərini bölüşüblər.