ELM VƏ TƏHSİL


BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində 10 noyabr-Ümumdünya Elm Gününə həsr olunmuş “Davamlı inkişafın təmin edilməsində təhsil və elmin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, Universitetin yuxarı kurs tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi tədbiri Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açıb. Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elm və təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan prorektor, Ümumdünya Elm Gününün UNESCO-nun qərarı ilə təsis edildiyini deyib. Bildirib ki, 2001-ci ildə UNESCO-nun Baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə ümumdünya elm günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Aydın Kazımzadə, həmçinin Ümumdünya Elm Gününün məqsədinin beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaq olduğunu deyib.

Sonra professor Aydın Kazımzadənin “Elmi-texniki tərəqqi dövründə təhsilin məzmunu və onun idarə edilməsi” mövzusunda məruzəsi dinlənilib. Magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova “Müasir dövrdə elm cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir” adlı məruzə ilə çıxış edib.

Məruzələr əsasında çoxsaylı çıxışlar dinlənilib, iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda çıxışlarda səsləndirilən fikir və təkliflərin ümumiləşdirilərək rektorluğa təqdim ediləcəyi, universitetin gələcək inkişaf hədəfləri müəyyən edilərkən istifadə olunacağı qeyd edilib.

Qeyd edək ki, Ümumdünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclaslar, seminarlar, konfrans və festivallarla qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.