ELM VƏ TƏHSİL


BDU-da 20 Yanvar faciəsinin otuzuncu ildönümü qeyd edilib

Bakı, 17 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə universitetin 2 nömrəli tədris binasının qarşısında 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Tədbirdə universitetin rektoru Elçin Babayev 20 Yanvar hadisələrindən danışıb, imperiya ordusunun insanlığa qarşı qanlı qırğınlar törətdiyini qeyd edib.

E.Babayev ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verildiyini xatırladıb.

20 Yanvarın qan yaddaşımızdan silinməyəcəyini deyən rektor Azərbaycan Prezidenti İlham Əliyevin şəhidlərin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzlərinin inşa olunduğunu bildirib.

Tarix fakültəsinin dosenti Səidə Quliyeva bildirib ki, 20 Yanvar tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir.

20 Yanvar şəhidi Yanvar Nəsirovun həyat yoldaşı, “20 Yanvar” Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinin sədr müavini, filologiya fakültəsinin əməkdaşı Almara Nəbiyeva bu qanlı faciənin heç zaman unudulmayacağını deyib.

Tədbirin sonunda tələbələr Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər poeması”ndan parçalar səsləndirib, universitetin “Gənc istedadlar” liseyinin şagirdləri 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.