ELM VƏ TƏHSİL


BDU-da “Bir millət, 6 dövlət - Ortaq media” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistika elmi-tədqiqat laboratoriyası İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) ilə birgə “Bir millət, 6 dövlət - Ortaq media (türkdilli dövlətlərin media platforması)” mövzusunda onlayn beynəlxalq konfrans keçirilir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi konfransı BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, konfransın sədri Allahverdi Məmmədli açıb. O, konfransın Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ildönümünün qeyd edildiyi günlərdə keçirildiyini vurğulayıb. Allahverdi Məmmədli İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündən bəhs edib. Bildirib ki, XXI əsrin 20-ci illəri türk dövlətlərinin siyasi, iqtisadi, sosial, mədəni sahədə inkişafı, bir-birinə və dünyaya inteqrasiyası, gündən-günə möhkəmlənən mövqeyi ilə xarakterizə olunur.

Allahverdi Məmmədli 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi-siyasi dəstəyindən, düşmənin döyüş meydanında məğlubiyyətindən bəhs edib. Media və kommunikasiya sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığından danışıb. O qeyd edib ki, informasiya cəbhəsində döyüş davam edir: “Bu gün eyni kökə, eyni dilə, oxşar mədəniyyətə malik türk dövlətlərinin media sahəsində əməkdaşlığına, birgə media platformasının yaradılmasına çox böyük ehtiyac var”.

Konfransda Jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Həmid Vəliyev, Qulu Məhərrəmli, Sabir Məmmədli, İzzet Baysal Universitetinin professoru Himmet Karadal, Qlobal Jurnalist Təşkilatının sədri Mehmet Ali Dim, “SODIMER” təşkilatının sədri Levent Eraslan, “Yazar” qəzetinin baş redaktoru Servet Avşar, Dünya Kommunikasiya Cəmiyyətinin sədri Şəmsəddin Kuzeci, Jandarma və Sahil Təhlükəsizlik Akademiyasının rəhbəri Tekin Avaner çıxış ediblər.

Qeyd edək ki, konfransa Azərbaycan, Türkiyə, Filippin, Meksika, Mərakeş, İndoneziya, Rumıniya, Qırğızıstan və Qazaxıstandan 200-ə yaxın məqalə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.