ELM VƏ TƏHSİL
BDU-da “Code For Future” layihəsinin “Məzun günü”









Bakı, 9 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Code For Future” layihəsinin “Məzun günü” keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan rektor Elçin Babayev 2021-ci ildən uğurla icra olunan “Code For Future” layihəsinin tələbələrin informasiya texnologiyaları sahəsində biliklərinin artırılmasında böyük rol oynadığını bildirib. Rektor qeyd edib ki, 2022-ci ildən etibarən “DevEducation” şirkəti də bu istiqamətdə fəaliyyət göstərir. Layihənin bugünkü məzunları müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda 4 ay müddətində proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə tədris alıblar: “Bu gün hamı üçün əlamətdar gündür. BDU öz ənənələrinə uyğun təhsil verməyə davam etsə də, tələbələri daha yaxşı yetişdirmək üçün əlavə proqramlar mütləqdir. Qazanan Bakı Dövlət Universiteti və tələbələrdir. Bu gün əldə etdiklərinizin bəhrəsini gələcəkdə görəcəksiniz. Müasir çağırışlara cavab verən, yüksəkixtisaslı mütəxəssislərin yetişməsi zamanın tələbidir”.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli yaxın gələcəkdə öyrənməklə bağlı yanaşmanın dəyişəcəyini qeyd edib. Nazir müavini bildirib ki, layihədə əldə edilən bilik, bacarıqlar və təcrübə iştirakçıların gələcək həyatında böyük rol oynayacaq: “Gəlin razılaşaq ki, hər altı ayda təhsil həyatında və eyni zamanda tələblərdə dəyişikliklər baş verir. Əmək bazarı yeni təkliflərlə çıxış edir. “Code For Future” layihəsi tələbələrin məhz əmək bazarının tələblərinə uyğun yetişmələrinə imkan verir”.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova layihənin əhəmiyyətini vurğulayıb, gəncləri bu imkandan maksimum bəhrələnməyə çağırıb.
“DevEducation” layihəsinin rəhbəri Yakov Livşits bu proqramda iştirakçıların qayğısına qalan xeyli sayda insan olduğunu vurğulayıb. Zəngin və uğurlu olmağın heç vaxt asan olmadığını deyən qonaq süni intellektin həyatımıza nüfuz etdiyini, sürətlə süni intellekt əsaslı proqramların istifadəyə verildiyini qeyd edib.
Tədbirdə, həmçinin məlumat verilib ki, iyulun 3-dən avqustun 31-dək “DevEducation” şirkəti tərəfindən BDU-nun bütün fakültələrinin III-IV kurs tələbələri və magistrləri üçün yay məktəbi təşkil ediləcək.
Daha sonra layihə çərçivəsində tədrisi başa vuran BDU tələbələrinin hazırladıqları layihələrin təqdimatı keçirilib.
Tədbirin sonunda “Code For Future”nin məzunu olan BDU tələbələrinə sertifikat təqdim olunub.