ELM VƏ TƏHSİL
BDU-da “Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsi
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru Azər Əliyev tələbələr üçün “Fors-major hallarının hüquqi tənzimlənməsi” mövzusunda onlayn ustad dərsi keçib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev koronavirus (COVID-19) pandemiyasının ehtimal olunan təhlükələrinin qarşısının alınması üçün bütün dünyada, eləcə də ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açıb.
Onlayn ustad dərsində professor Azər Əliyev fors-major anlayışının mahiyyəti, Azərbaycan Respublikası Mülki Məcəlləsində müvafiq hallarının hüquqi tənzimlənməsi, Alman hüquq sistemi, Konstitusiya Məhkəməsinin bu sahədəki fəaliyyəti, koronavirus fors-major halı hesab oluna bilərmi, COVID-19 şəraitində fors-major vəziyyət, habelə şərtlər haqqında ətraflı məlumat verib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dərsi 100-ə yaxın iştirakçı dinləyib. Qarşılıqlı diskussiya şəraitində davam edən ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.