ELM VƏ TƏHSİL


BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib YENİLƏNİB 2

Bakı, 17 may, Ş.Abdullayeva, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının ilk iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və Şura üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəldilməsi, ona əlavə dəstək verilməsi məqsədilə yaradılan Himayəçilər Şurasının fəaliyyət istiqamətləri barədə məlumat verib.

Ceyhun Bayramov universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı olan və ali təhsil müəssisəsinin inkişafına yardım edən Himayəçilər Şurasının ictimai əsaslarla fəaliyyət göstərdiyini bildirib. Nazir qeyd edib ki, Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və Nizamnamə ilə müəyyən edilir.

Nazir bu təhsil müəssisəsində tədris-metodik işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-Metodik Şura yaradılacağını diqqətə çatdırıb. Bu Şuranın yaradılma qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.

İclasda Himayəçilər Şurasının üzvləri gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər.

Sonra BDU-nun rektoru Elçin Babayev universitetin 100 illik yubileyinin keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Himayəçilər Şurası universitetin qanuni fəaliyyətinin həyata keçirilməsinə, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməyə kömək göstərəcək. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi Şuranın səlahiyyətlərinə daxildir.

Himayəçilər Şurası beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına kömək göstərməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlb edilməsi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirəcək.

Xatırladaq ki, Himayəçilər Şurasının tərkibinə təhsil naziri Ceyhun Bayramov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.