BDU-da “İqlim dəyişikliyinə hazır icmaların yaradılması” mövzusuna həsr olunan beynəlxalq elmi seminar
AzerTAg.az
Bakı, 11 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Dünya Elm Gününə həsr olunmuş beynəlxalq elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan rektor Elçin Babayev seminarın Sülh və İnkişaf naminə Dünya Elm Gününün “İqlim dəyişikliyinə hazır icmaların yaradılması” mövzusuna həsr olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə elmin inkişaf etdirilməsində, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında BDU da aparıcı rol oynayır. Universitetdə aparılan struktur islahatları, təhsil və elmi-tədqiqata göstərilən xüsusi yanaşma və diqqət, həmçinin mütəmadi təşkil edilən elmi konfrans və seminarlar, onlara tələbələrin və gənc tədqiqatçıların cəlb olunması, elmi konfransların təşkilat komitəsində gənclərin yer alması son illər BDU əməkdaşlarının beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunan məqalələrinin həm sayının, həm də məqalələrə edilən istinadların sayının artmasına səbəb olub. Belə ki, “Clarivate Analytics” şirkətinin rəsmi məlumatına əsasən, BDU əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3334 elmi əsər nəşr edilib. Bu əsərlərə 17 min 786 dəfə istinad edilib. BDU-nun h-indeksi 47-yə, hər bir əsərə edilən istinadların orta sayı isə 5,3-ə qədər yüksəlib.
Daha sonra BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov “İqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri”, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov “Dünyada əhali problemləri və postpandemiya dövründə inkişaf yolları”, Türkiyənin Bilkent Universitetinin professoru Əmirullah Məmmədov “Elitar təhsil haqqında. Bilkent Universitetinin NANOTAM Mərkəzində son elmi nailiyyətlər”, Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun böyük elmi işçisi Faiq Əhmədov “Böyük Adron Kollayderində ultrarelyativistik protonların toqquşmalarında Hiqqs və vektor bozon cütünün əmələ gəlməsi prosesinin tədqiqi” və BDU-nun Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Ülviyyə Həsənova “Biotibbi materiallar. ICESCO-BDU birgə layihəsi haqqında” mövzularında məruzələrlə çıxış ediblər.
Beynəlxalq onlayn tədbirə BDU, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin əməkdaşları, magistrantlar, doktorantlar və gənc tədqiqatçılar qoşulublar.




Xəbərin mətnində orfoqrafik səhv var