ELM VƏ TƏHSİL


BDU-da Malinin Faya və Azərbaycanın Acınohur arid meşələri müqayisəli tədqiq olunub

Bakı, 28 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində keçirilən elmi seminarda Bioekologiya kafedrasının əcnəbi doktorantı Adama Togolanın “Mali Respublikası Faya meşələrinin və Azərbaycanın Acınohur arid meşələrinin müasir vəziyyətlərinin monitorinqi” mövzusunda məruzəsi dinlənilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, ilk dəfə olaraq müxtəlif qitələrdə yerləşən iki ölkənin: Azərbaycanın arid meşələri ilə Afrikanın Mali Respublikasında yerləşən Faya meşələrinin müqayisəli tədqiqi aparılıb. Acınohur arid meşələri və Faya meşələrinin təbii-ekoloji şəraiti (coğrafi mövqeyi, relyefi, geoloji quruluşu, iqlimi, hidrologiyası, flora və faunası, torpaq örtüyü və landşaftları) öyrənilib. Faya meşələrində 30 il ərzində (1990-2020) təbii və antropogen təsir nəticəsində baş verən dəyişikliklərin səviyyəsi müəyyən edilib. Tərtib edilmiş xəritələrə əsasən, qalereya meşələri 58,96 faiz, seyrək meşəliklər 18,52 faiz, savannalar 37,21 faiz, ağaclı savannalar 40,85 faiz azalıb, kollu savannalar 76,21 faiz, otlu savannalar isə 68,75 faiz artıb.

Landsat5 (13.09.1990) və Landsat8 (30.08.2020) əsasında tərtib edilmiş xəritələrə əsasən, Acınohur arid seyrək meşələrin sahəsinin 30 il ərzində (1990-2020) 2,8 dəfə, düzən meşələrin sahəsinin təxminən 19 dəfə artdığı, əkin sahələrinin isə 21.55 faiz azaldığı müəyyən edilib. Arid meşələri əsasən Türyançay və İlisu Dövlət Təbiət qoruqlarında yerləşir. Bu qoruqların ərazisinin 2003-cü ildə genişləndirilməsi Acınohur arid meşələrin bərpasına və genişlənməsinə səbəb olub. Qorunmayan ərazilərin isə güclü antropogen təsirə məruz qaldığı müəyyən edilib. Coğrafi informasiya sistemi (CİS) əsasında tərtib edilmiş “Acınohur arid meşələrinin torpaq istifadəçiliyi xəritəsi” və “Acınohur arid meşələrinin antropogen transformasiyası xəritəsi” əsasında tədqiqat sahəsinə antropogen təsirin dərəcəsi müəyyənləşib. Arid seyrək meşə və kol landşaftlarının 7,2 faizinin dəyişməmiş, 24,42 faizinin az dəyişdirilmiş, 36,52 faizinin orta dərəcədə dəyişdirilmiş və 31,86 faizinin intensiv modifikasiya olunmuş antropogen landşaftlar olduğu müəyyən edilib. Hər iki ölkənin meşələrində müşahidə olunan əsas antropogen təsirlər əkinçilik və heyvandarlığın inkişafı, oduncaq tədarükü, ağacların tikinti materialı kimi istifadəsi, istirahət komplekslərinin tikintisi və sairədir.

Sonra iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.