ELM VƏ TƏHSİL


BDU-da “Nizami Gəncəvi - qüvvət elmdədir” mövzusunda konfrans

Bakı, 29 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi - qüvvət elmdədir” mövzusunda konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, konfransda “Nizami Gəncəvi İli - 2021” adlı videoçarx nümayiş olunub. Tədbirdə liseyin direktoru Arif Bağırov insanlığı bəşəri sülhə, ədalətə səsləyən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi münasibətilə 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən və Nizami Gəncəvinin yaradıcılığından bəhs edib.

Konfransda Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov və liseyin direktor müavini, dosent Məleykə Bayramova da çıxış ediblər. “Nizami Gəncəvi İli” çərçivəsində Bakı Dövlət Universitetində Şərq poeziyasının əbədi günəşi hesab edilən dahi şairin həyat və yaradıcılığının, əsərlərindəki ədəbi və fəlsəfi ideyaların təbliğinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

Sonra Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Lalə Əliyeva “Nizami Gəncəvi dühası”, liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Əliyeva “Nizami Gəncəvi əsərlərində türk bəzəyi”, Filologiya fakültəsinin IV kurs tələbəsi İlknur Pənahlı “Nizami Gəncəvi yaradıcılığında oğluna nəsihət”, Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Yaqut Hüseynova “Nizami Gəncəvi yaradıcılığında qadın obrazı” mövzularında məruzə ilə çıxış ediblər.

Konfransda Filologiya fakültəsinin III kurs tələbələri - Fidan Abdinova, Aysel Seyidova və Gülşən Həsənli, liseyin şagirdləri - İbrahim Xəlil, Əminə Cəfərli, Ayan Hacıyeva isə Nizaminin şeirlərini səsləndiriblər.

Sonda “Gənc istedadlar” liseyinin şagirdləri Nura Qocayeva və Nihad Həşimovun Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.