ELM VƏ TƏHSİL
BDU-da Nizami irsinin təbliğinə dair silsilə tədbirlər təşkil olunur
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Qiraət” klubunda “Nizami Gəncəvi İli”nə həsr olunan növbəti tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Filologiya fakültəsinin II kurs tələbəsi Nigar Xanəliyeva 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar TGT-nin təşkil etdiyi silsilə tədbirlər haqqında məlumat verib. Sonra çıxış edən tələbələr, TGT-nin sədr müavini Ələkbər Həsənov, Filologiya fakültəsinin tələbəsi Aytac Əliyeva və Pərvin Vəlizadə dahi Nizaminin “İsgəndərnamə” poemasında İsgəndər – Zülqərneyn xəttinin təhlili mövzusunda müzakirələr aparıblar.
BDU Tələbə Gənclər Təşkilatı “Nizami Gəncəvi İli” çərçivəsində Nizami irsinin geniş təbliğ olunması, dahi şairin dünya ədəbiyyatına verdiyi töhfələri gənc nəslə aşılamaq məqsədilə silsilə tədbirlər – müzakirələr, müsabiqələr, dəyirmi masalar və s. təşkil edir.