ELM VƏ TƏHSİL


BDU-da “Qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair” təlimlər keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) onlayn təlimlər keçirilib.

Təlimlər BDU-nun Hüquq fakültəsində “Qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair” Avropa Şurasının HELP kursunda təlimçi olacaq namizədlər üçün nəzərdə tutulub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi yerli qanunvericiliyi və siyasətləri Avropa standartlarına uyğunlaşdırmaq üçün qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyası) və digər gender bərabərliyi standartlarına dair məlumatlılığı artırmaqdır.

Moderator, Avropa Şurasının Bakı Ofisinin layihə rəhbəri Pərvanə Bayramova və Avropa Şurasının Səlahiyyətlərin gücləndirilməsi və əməkdaşlıq layihələri şöbəsinin müdiri Marta Beserr təlim haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.

Təlimdə çıxış edən Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev əməkdaşlar üçün belə bir təlimin keçirilməsinin vacibliyini vurğulayıb. Hüquq fakültəsində “İnsan hüquqları” üzrə xüsusi bir magistr proqramının mövcudluğunu və bu proqrama xüsusi bir fənnin - Qadın və uşaq hüquqları fənninin daxil edildiyini, fənnin Hüquq fakültəsi nəzdində fəaliyyət göstərən “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası tərəfindən həyata keçirildiyini qeyd edib.

Ə.Əliyev Hüquq fakültəsində bakalavr tədris planına məişət zorakılığına qarşı mübarizə üzrə yeni bir fənnin də əlavə edildiyini diqqətə çatdırıb.

Təlimdə Hüquq fakültəsinin professor-müəllim heyətinə HELP platformasında kursların yaradılması, tələbələrin seçilməsi, onlara elektron tapşırıqların verilməsi, qiymətləndirilmənin aparılması qaydası öyrədilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.