ELM VƏ TƏHSİL
BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda keçirilən virtual konfransda 30-dək məruzə dinlənilib
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Bakı Dövlət Universitetində (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların respublika virtual elmi konfransı işini davam etdirib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iki bölmədə “Zaşita korporativnoy seti s ispolzovaniem mejsetevoqo ekrana”, “Magistraturaya qəbul imtahanlarında toplanan balların normallığının yoxlanması”, “Xətti dayanma anlarının assimptotik xassələri”, “Neytral tip optimal idarəetmə çoxnöqtəli funksionalın minimallaşdırılması məsələsində optimallıq üçün zəruri və kafi şərt”, “Svertoçnıe neyronnıe seti dlya raspoznavaniya obyektov v izobrajeniyax”, “Qurviç kriteriyasının maliyyə riyaziyyatında tətbiqi”, “Cismin tam enerjisi əsasında funksionalın qurulması”, “İki spektrə və bir məxsusi ədədə görə Dirak operatorunun bərpası üçün yeganəlik teoremi” mövzularında məruzələr dinlənilib.
İki gün davam edən konfransda 30-a yaxın məruzə dinlənilib. Moderator, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin elmi işlər üzrə dekan müavini Aytəkin Əfəndiyeva tətbiqi xarakterli təqdimatlarla bağlı təkliflər hazırlanması ideyasını irəli sürərək tələbələri gələcəkdə də bu tip konfranslarda aktiv iştiraka səsləyib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi konfrans sualların cavablandırılması ilə işini yekunlaşdırıb.