CƏMİYYƏT
BDU-da “Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə” kitabının təqdimatı olub
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də BDU-da "Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə" kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İbrahim Zeynalovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, tarix elmləri doktoru Fərid Şəfiyev kitabda toxunulan məsələlərin faktlarla təqdim edildiyini bildirib. O, kitabda Cənubi Qafqazda aparılan məskunlaşma siyasətinin üç xalqın - erməni, alman və rusların şəxsində necə baş verdiyi barədə fikirlərini bölüşüb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev müxtəlif dillərdəki ədəbiyyatda, həmçinin mötəbər arxiv sənədlərinə əsaslanaraq hazırlanan kitabın BDU-nun müəllim və tələbələri üçün stolüstü vəsaitə çevriləcəyinə inandığını bildirib.
Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru professor Yaqub Məmmədov, tarix elmləri doktoru, professor İradə Hüseynova BDU-nun məzunu olmuş Fərid Şəfiyevin həqiqətləri ortaya çıxarmaq işində sanballı bir kitabın müəllifi olduğundan məmnunluq duyduqlarını bildirib, kitabın elmi məziyyətləri barədə danışıblar.
Daha sonra Fərid Şəfiyev universitetin müəllimləri, magistr və bakalavrlarının Azərbaycanın apardığı xarici siyasət, regiondakı erməni separatizmi və BMTM-nin fəaliyyəti ilə bağlı sualları cavablandırıb.