ELM VƏ TƏHSİL
BDU-da TEMPUS proqramının layihəsi çərçivəsində maarifləndirici görüş
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU), eləcə də Portuqaliyanın Lissabon Universiteti, Leyriya Universiteti və İspaniyanın Korunya Universitetinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TEMPUS proqramının “Beynəlxalq bilik mübadiləsi vasitəsi ilə təhsildə islahat” layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan tədbirdə ekologiya, ekologiya mühəndisliyi, coğrafiya, geologiya, biologiya, eləcə də, AzMİU-nun müvafiq ixtisasları üzrə təhsil alan dördüncü kurs tələbələri və birinci kurs magistrantları iştirak ediblər.
BDU-nun prorektoru, professor Aydın Kazımzadə qeyd edib ki, görüşün təşkilinin məqsədi magistratura səviyyəsində ətraf mühit elmləri sahəsi üzrə ikili dərəcələrin verilməsinin təşviqi və bu sahədə təhsil alan tələbələrə müvafiq istiqamətdə ətraflı məlumat çatdırmaqdır.
Biologiya fakültəsinin dosenti Yaşar Ömərov layihə haqqında, ekoloji kimya kafedrasının dosenti Elmina Qədirova layihə çərçivəsində ekologiya ixtisası üzrə mühazirələrin və dərs vəsaitinin hazırlanması barədə məlumat veriblər.
Avropa universitetlərinin təmsilçiləri layihənin, o cümlədən gələcəkdə də təhsil sahəsində əlaqələrin uğurla davam etdirilməsinin önəmindən bəhs ediblər.
Sonra suallar cavablandırılıb.