ELM VƏ TƏHSİL


BDU-da “Universitet kitabxanalarının informasiya resurslarının modelləşdirilməsi” mövzusunda müzakirələr aparılıb

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Universitet kitabxanalarının informasiya resurslarının modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru professor Mais Süleymanov hazırda ali məktəb kitabxanalarının informasiya resurslarının modelləşdirilməsinin beynəlxalq təcrübədə geniş yayıldığını diqqətə çatdırıb. O, bu sahədə dünya təcrübəsindən bəhrələnməyin vacibliyini vurğulayaraq, ölkəmizdə həmin istiqamətdə həyata keçirilən layihələrdən danışıb.

BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Rəşad Qardaşov mövzu ilə bağlı məruzə edib. Məruzədə XXI əsrdə informasiya texnologiyalarının, rəqəmsal məzmunlu informasiyaların inkişaf tendensiyasından və dinamikasından bəhs olunub, ali məktəb kitabxanalarının bu prosesdəki rolu şərh edilib. Modern universitet kitabxanasının modeli, strukturu, potensial imkanları və hədəfləri barədə məlumatlar diqqətə çatdırılıb. Universitet kitabxanalarının təhsilin və elmi tədqiqatların vahid informasiya platformasının formalaşmasındakı rolu Amerika və Avropa ölkələrinin təcrübələri əsasında təhlil edilib.

Tədqiqatçı bəhs olunan istiqamət üzrə Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının, ADA Universiteti Kitabxanasının və Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətini tədqiqata cəlb etdiyini bildirib, həmin kitabxanalara göndərilmiş müvafiq sorğulara aldığı cavablar əsasında apardığı müqayisəli təhlillər, aldığı nəticələr barədə seminar iştirakçılarına məlumat verib.

Rəşad Qardaşovun məruzəsi ətrafında geniş müzakirələr aparılıb. Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, ADA Universiteti Kitabxanasının direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva, AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Aygün Səfərova, BDU-nun kafedra müdirləri Sevda Xələfova, Elçin Əhmədov məruzə ilə bağlı fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.