ELM VƏ TƏHSİL
BDU-da “Xocalı soyqırımı beynəlxalq cinayətdir: hüquqi və siyasi təhlili” mövzusunda dəyirmi masa
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı beynəlxalq cinayətdir: hüquqi və siyasi təhlili” mövzusunda onlayn dəyirmi masa keçirilib. Tədbir Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən moderator, universitetin Hüquq fakültəsinin dekanı Əmir Əliyev erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliamın təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Dekan Xocalı faciəsi barədə məlumat verərək, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini deyib.
Ə.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində dünyanın əksər ölkələrinin bu faciə haqqında həqiqətlərlə tanış olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımının tanınması ilə bağlı tədbirlər keçirilib.
Sonra BDU-nun Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov “Xocalı soyqırımı cinayətində siyasi elitanın rolu”, Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Elnur Aslanov “Xocalı soyqırımı və cinayət təqibində beynəlxalq-hüquqi mexanizmlərin effektivliyi”, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov “Xocalı soyqırımı iştirakçılarının cəzalandırılması məsələləri”, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev “Xocalı soyqırımının siyasi aspektləri”, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Samirə Eyvazova “Yaşamaq hüququ, genosid və Xocalı soyqırımı”, Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi Səyyad Məcidov “Ermənistanın beynəlxalq cinayətlərə görə mühakimə məsələləri”, İnsan hüquqları üzrə UNESCO kafedrasının müəllimi Aytac Qibləliyeva “Xocalı soyqırımının beynəlxalq hüquqa əsaslanan tövsifi”, Hüquq fakültəsinin magistrantı Erkin Musayev “Xocalı soyqırımı kontekstində soyqırımı cinayətinin təhlili” adlı məruzələrlə çıxış ediblər.
Dəyirmi masada BDU-da hazırlanan “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabatın müəyyən nəticələri də müzakirə olunub.