ELM VƏ TƏHSİL
BDU-da elmi konfrans: Heydər Əliyev və milli-mənəvi irsimiz
Bakı, 8 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi irsimiz” mövzusunda respublika elmi konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Professor və müəllimlərin, gənc tədqiqatçıların, tələbələrin iştirak etdikləri tədbirdə çıxış edən Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın inkişafına daim xüsusi önəm verdiyini, onun azərbaycançılıq ideologiyasının əhəmiyyətini vurğulayıb.
O, dahi rəhbər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”, Türkologiya kafedrasının professoru Elbrus Əzizov “Azərbaycan dilinə Heydər Əliyev qayğısı”, Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Heydər Əliyev müstəqil türk dövlətləri arasında mədəni əlaqələrin qurucusu kimi” mövzusunda məruzələr ediblər.
Məruzələrdə müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən, onun Türk dünyası ilə mədəni və siyasi əlaqələrin qurulmasında və genişlənməsində müstəsna rolundan bəhs edilib.
Sonra bölmə iclasları olub. “Heydər Əliyev və milli-mənəvi irsimiz”, “Dilçilik”, “Ədəbiyyatşünaslıq” bölmələrində 90-a yaxın məruzə dinlənilib.