ELM VƏ TƏHSİL
BDU-da elmi seminar: Aralıq dənizi Qafqaz-Zaqros seqmentinin geoloji inkişafının Mezozoy mərhələsi
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Aralıq dənizi Qafqaz-Zaqros seqmentinin geoloji inkişafının Mezozoy mərhələsi” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda AMEA Geologiya və Geofizika İnstitutunun Petrologiya şöbəsinin müdiri, professor Musa Məmmədovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə mərkəzi seqmentin Paleozoy bünövrəsinin peneplenləşmiş qalxmadan ibarət olması və onun Pangeya materikinin tərkibinə daxil olması əsaslandırılıb. Paleozoy erasında onun Paleotetis qollarının Böyük Qafqaz və Kür dağarası çökəklikləri ilə təmsil olunduğu, geoloji inkişafın Devon mərhələsində həmin qolların dayazlaşaraq Perm dövrünün sonunda bağlanması qeyd olunub. Bildirilib ki, Pont əsrindən başlayaraq Göyçə-Həkəri və Vedi-Zəngəzur-Allahyarlı qolları əmələ gəlir, Göyçə-Həkərinin şimalında isə Qafqaz mikrokontinenti yerləşir. Mezotetis okeanının subduksiya mərhələsi isə dəmir-mis kolçedanı, mis-polimetal, barit-polimetal və qızıl daşıyan komplekslərin əmələ gəlməsi ilə tamamlanır.
Seminarda iştirak edən professorlar Nazim İmamverdiyev, Bahadır Qələndərov, dosentlər Əvəz Məmmədov, Nurəddin Abbasov və başqaları məruzə ilə bağlı fikirlərini bildiriblər. Elmi seminar alimlərin mövzu ətrafında fikir mübadiləsi ilə başa çatıb.