ELM VƏ TƏHSİL
BDU-da elmi seminar: Nizami Gəncəvi irsində mütaliə
Bakı, 13 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, elmi seminarda Kitabxanaşünaslıq kafedrasının magistrantı Könül Kərimova “Nizami Gəncəvi irsində mütaliə” mövzusunda məruzə edib. Məruzəçi ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin gənc tədqiqatçıların da qarşısında mühüm vəzifələr qoyduğunu və dahi şairin irsinə yeni aspektdən yanaşmalar üçün böyük stimul yaratdığını qeyd edib. O, böyük mütəfəkkirin zəngin yaradıcılığı, əsərlərinin mövzu dairəsi haqqında məlumat verib, Nizami Gəncəvinin Şərq, eləcə də Azərbaycan əlyazma kitab mədəniyyətinə əvəzsiz töhfələr verdiyi söyləyib. Qeyd olunub ki, dahi mütəfəkkirin əsərlərində söz sənəti, kitab, mütaliə, kitabxana ilə bağlı da çoxlu sayda müdrik fikirlər, kəlamlar yer alıb. Onlar bu gün də aktualdır. Nizami yaradıcılığının bu istiqaməti görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfov tərəfindən dərindən araşdırılıb.
Dekan müavini Mehmanəli Məmmədov, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov, dosent Elçin Məmmədov, fəlsəfə doktoru Eldəniz Məmmədov, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Ülkər Cabarova məruzə ilə bağlı fikirlərini bildirib, gənc tədqiqatçıya suallar ünvanlayıblar.