ELM VƏ TƏHSİL


BDU-da elmi seminar: Nizaminin dili və Azərbaycan

Bakı, 26 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə “Nizaminin dili və Azərbaycan” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan elmi seminarların əhəmiyyətindən danışıb, məruzəçilərə uğurlar arzulayıb.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva Nizami Gəncəvi əsərlərinin milli və bəşəri əhəmiyyətindən, dünya miqyasında öyrənilməsindən, xüsusilə akademik Nərgiz Paşayevanın dahi şairin irsinin tədqiqi və təbliği istiqamətində gördüyü mühüm işlərdən söz açıb.

“Dilimizdə Nizami” mövzusunda məruzə ilə çıxış edən dosent Fikrət Şiriyev dahi şairin əsərlərinin Azərbaycan dilinə bədii və filoloji tərcümələri haqqında məlumat verib.

Dosent Reyhan Həbibli “Nizami əsərlərində poetonimlər” adlı məruzəsində poetonimlərin bədii funksiyasından, xüsusilə Nizami “Xəmsə”sində işlənmiş bu qrup onomastik vahidlərin poetik özəlliklərindən danışıb, şairin yaradıcılığındakı poetonimlərin tədqiqinə və onların lüğətinin tərtibinə ciddi ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Sonra fakültənin tələbələri - Sezər Məmmədli “N.Gəncəvi əsərlərində tarixi şəxsiyyət adları”, Narıngül Məlikova “N.Gəncəvinin “Yeddi gözəl” poemasında antroponimlər”, Şəbnəm Gülalıyeva “N.Gəncəvinin “Xosrov və Şirin” poemasında qadın adları”, Fatma Rəhimzadə “N.Gəncəvi “Xəmsə”sində mifoloji adlar”, Şəbnəm Abdullazadə “N.Gəncəvi yaradıcılığında toponimlər”, Aysel Həsənova “N.Gəncəvinin “İsgəndərnamə” poemasında (“Şərəfnamə”) onomastik vahidlər” mövzularında məruzə ilə çıxış ediblər.

Məruzəçilərə suallar ünvanlanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Filologiya fakültəsinin II kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Fidan Hüseynovanın moderatorluğu ilə keçirilən tədbirdə Nizami Gəncəvinin məqbərəsi və ev-muzey ilə bağlı videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.