ELM VƏ TƏHSİL
BDU-da elmi seminar: Şuşa Bəyannaməsinin informasiya təminatı
Bakı, 20 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Şuşa İli” ilə əlaqədar silsilə tədbirlər çərçivəsində “Şuşa Bəyannaməsinin informasiya təminatı” mövzusunda elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov mövzu ilə bağlı məruzə edib. Məruzəçi 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı tarixi Zəfərdən sonra 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsinin böyük mahiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, bu tarixi sənədin imzalanması ilə dost və qardaş ölkələrimizin müttəfiqlik münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb.
Nadir İsmayılov Şuşa Bəyannaməsinin imzalanmasından qısa müddət keçməsinə baxmayaraq, tarixi sənəd haqqında yerli və xarici nəşrlərdə xeyli informasiya resurslarının meydana gəldiyini vurğulayıb.
Məruzədə Şuşa Bəyannaməsi haqqında ölkəmizdə və xaricdə sənəd-informasiya axınının təşəkkülü, dinamikası kompleks təhlil olunub. Mövzu üzrə çap olunan kitablar, məqalələr haqqında sistemli məlumatlar diqqətə çatdırılıb, sənədin mətninin əks olunduğu “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya, “Şuşa Bəyannaməsi” adlı miniatür kitab və digər nəşrlər nümayiş etdirilib.
Tədqiqatda, həmçinin mövzunun informasiya təminatının təkmilləşdirilməsi yolları ilə bağlı innovativ təkliflər irəli sürülüb. Eyni zamanda, Şuşa Bəyannaməsi ilə Qars müqaviləsi arasında paralellər aparılıb, elmi dövriyyəyə yeni fikirlər təqdim olunub.
Sonda suallar cavablandırılıb.