BDU-da keçirilən “İlin alimi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
AzerTAg.az
Bakı, 27 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında 27 Mart - Elm Gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Müsabiqə Komissiyasının qərarına əsasən, təbiət və texnika elmləri üzrə Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov I yerə, BDU-nun nəzdində Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktor müavini AMEA-nın müxbir üzvü Vaqif Quliyev II yerə, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərov III yerə layiq görülüblər. Humanitar və ictimai elmlər üzrə İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri dosent Nadir İsmayılov I yeri, Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımova II yeri, Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva III yeri tutublar.
Qaliblər pul mükafatı və diplomla təltif ediliblər.
BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə üç ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.





Xəbərin mətnində orfoqrafik səhv var