ELM VƏ TƏHSİL


BDU-da keçirilən beynəlxalq konfransda türk dillərinin problemləri və araşdırma istiqamətlərindən danışılıb

Bakı, 22 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Türkoloji” dərnəyin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Türk dövlətlərinin dilləri” adlı beynəlxalq virtual konfrans keçirilib. “Zoom” platforması üzərindən təşkil olunmuş tədbirə türkdilli dövlətlərin tanınmış türkoloq alimləri və gənc tədqiqatçıları qatılıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Tələbə Elmi Cəmiyyətinin sədri, “Türkoloji” dərnəyin rəhbəri Məleykə Mirzəlinin moderatorluğu ilə keçirilən konfransı giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinə dövlət qayğısından söz açıb, türk dillərinin problemlərinə toxunaraq konfransın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyənin Kırıkkale Universitetinin professoru Bilgehan Atsız Gökdağ, BDU-nun Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli türk dillərinin inkişaf tarixindən, problemlərindən və araşdırma istiqamətlərindən danışıb, konfransda məruzə edən gənc tədqiqatçılara uğurlar arzulayıblar.

BDU-nun Türkologiya kafedrasının doktorantı Zülfiyyə Ağayeva Azərbaycan dili, Türkiyənin Qazi Universitetinin elmi işçisi Beyza Türkkolu türk dili, Türkiyənin İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tələbəsi Ataş Qayıpoğlu türkmən dili, Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimi Zarina Kalbıyeva qırğız dili, Qazaxıstanın Avrasiya Milli Universitetinin türkologiya ixtisasının tələbəsi Aliyə Kairova qazax dili, Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin doktorantı İxtiyar Yakubov isə özbək dili haqqında məlumat veriblər.

Sonda məruzəçilərə BDU-nun Filologiya fakültəsinin dekanı adından sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.