ELM VƏ TƏHSİL


BDU-da könüllülük hərəkatı genişlənir

Bakı, 4 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) könüllülük hərəkatı genişlənir.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, 2019-cu ildən fəaliyyət göstərən “BDU könüllüləri” qrupu hazırda öz ətrafında 700-dən çox könüllü tələbəni birləşdirir. Qrup 2020-ci ildən başlayaraq bir sıra layihələri uğurla həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsində, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib. Eyni zamanda, pandemiya dövründə əməkdaş və tələbələr arasında COVID-19 xəstəliyi ilə mübarizə istiqamətində maarifləndirmə işində, karantin rejiminin tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsində, eləcə də tələbələrin onlayn dərslərə fəal qoşulmasının təşviqində xüsusi fəallıq göstərib.

Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində fəaliyyət göstərməklə universitetin ictimai həyatında fəal iştirak edirlər. Bu ilin ilk yarısında “BDU könüllüləri” qrupunun təşkilatçılığı ilə müxtəlif səpkili 47 tədbir keçirilib.

Universitetin könüllüləri həm də ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, sosial layihələrdə, humanitar aksiyalarda iştirak etməklə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər.

“BDU könüllüləri” müvafiq sahədə əməkdaşlığın möhkəmləndirilməsinə, ölkəmizdə fəaliyyət göstərən digər könüllülər təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Könüllülər gənclər arasında könüllülüyün təşviqi və təbliği, qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə də səy göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.