ELM VƏ TƏHSİL
BDU-da onlayn elmi seminar: COVID-19 üçün nanoterapevtik strategiyalar və perspektivlər
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün “COVID-19 üçün nanoterapevtik strategiyalar və perspektivlər” mövzusunda onlayn elmi seminar keçirilib. BDU-dan AZƏRTAC-a bildirilib ki, onlayn elmi seminarda İran İslam Respublikasının Marağa Universitetinin professoru Aziz Eftekharinin məruzəsi dinlənilib. İranlı professor COVID-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, MERS və SARS növləri, eyni zamanda, peyvəndlərin hazırlanması, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib.
Virtual seminara qoşulan BDU-nun rektoru Elçin Babayev belə maarifləndirici seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. Qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışan rektor vurğulayıb ki, universitetdə multidissiplinar tədqiqatlara üstünlük vermək, onları daim diqqətdə saxlamaq lazımdır.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.