ELM VƏ TƏHSİL


BDU-da onlayn seminar: bioloji müxtəlifliyin qorunmasında informasiya resurslarının rolu

Bakı, 20 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsində informasiya resurslarının rolu” mövzusunda onlayn seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı Prezident İlham Əliyev tərəfindən 2016-cı il oktyabrın 3-də “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalandığını xatırladıb. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər qurumlar tərəfindən Milli Strategiyanın həyata keçirilməsi üçün mühüm işlər görüldüyünü, insanların maarifləndirilməsi baxımından informasiya resurslarının da fəal rol oynadığını və hazırda bu fəaliyyətin uğurla davam etdirildiyini qeyd edib.

Sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarını Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq qələbələr münasibətilə təbrik edərək seminarda qoyulan mövzunun aktuallığından danışıb.

Seminarda Azərbaycan Televiziyasının “EKOetika TV layihəsi”nin müəllifi və aparıcısı Orxan Cabbarlı və BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov mövzu ilə bağlı məruzə ediblər. Məruzələrdə işğaldan azad edilmiş ərazilərimizdə vaxtilə mənfur qonşularımızın ekologiyaya göstərdikləri vəhşi münasibətdən bəhs olunub. Kafedra müdirləri Knyaz Aslan, Elçin Əhmədov və başqaları məruzələrlə bağlı fikirlərini bildiriblər.

Sonda Kitabxanaçılıq-informasiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nərmin Həsənzadə tələbələr adından tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə universitet rəhbərliyinə, məruzəçilərə təşəkkürünü bildirib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunan tədbir çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.