ELM VƏ TƏHSİL


BDU-da tədbir: Azərbaycanın müasir seysmogeodinamik şəraiti YENİLƏNİB

Bakı, 10 mart, AZƏRTAC

Bakı Dövlət Universitetində “Azərbaycanın müasir seysmogeodinamik şəraiti” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin mövzu üzrə məruzəsi dinlənilib.

Q.Yetirmişli Azərbaycan ərazisində son on ildə baş verən zəlzələlər, həmin zəlzələlərlə bağlı aparılan elmi tədqiqatların nəticələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, hazırda respublika ərazisində 84 seysmik stansiya, eləcə də 24 GPS stansiyası fəaliyyət göstərir.

Alim İranın Xoy şəhərində və fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələlər haqqında danışıb. Onun sözlərinə görə, Türkiyədəki zəlzələ ocaqlarının Azərbaycandakı zəlzələ ocaqlarını oyatma ehtimalı gözlənilmir. Ölkəmizdə dağıdıcı zəlzələnin olması ehtimalı yoxdur. Mütəmadi şəkildə müxtəlif maqnitudada yeraltı təkanlar qeydə alınır və bu da təbii prosesdir. Ölkəmiz seysmik zonada yerləşir. Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı, İsmayıllı, Quba-Xaçmaz və digər ərazilər aktiv zonada yerləşir.

Respublika Seysmoloji Xidmət Mərkəzinin beynəlxalq əlaqələrindən bəhs edən Q.Yetirmişli mərkəzin Oksford Universiteti və digər elmi qurum və mərkəzlərlə seysmoloji tədqiqatlar apardığını deyib.

Alim elm və təhsilin inteqrasiyasının, BDU ilə elmi müəssisələrin əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, bu əlaqələrin elmə, təhsilə töhfə verəcəyinə əminliyini söyləyib.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan tədqiqatların əhəmiyyətini vurğulayıb, tələbələrə tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.