ELM VƏ TƏHSİL
BDU-da tədbir: Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən Zəfər tarixi
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tarix, Hüquq və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən Zəfər tarixi” adlı tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev çıxış edərək -1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu və həmin gün dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövlətimizin müstəqilliyinin qorunmasında və daha da möhkəmlənməsində, eləcə də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunması və şanlı Qələbəmizdən bəhs edib.
Sonra məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, XX əsrin 90-cı illərinin əvvəllərində Vətənimiz müstəqillik əldə etmək şansını qazansa da, onu itirmək təhlükəsi ilə də üz-üzə qaldı. Bu dönəmdə qədirbilən xalqımız Azərbaycanı bu çətin vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət olan ümummilli lider Heydər Əliyevi təkidlə yenidən ölkəmizin siyasi rəhbərliyinə dəvət etdi. Ulu öndər Heydər Əliyev həmin dövrdə, ilk növbədə, Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu, vətəndaş müharibəsinin qarşısını aldı, sonra vətənimizin davamlı, hərtərəfli inkişafını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uğurlu daxili və xarici siyasəti nəticəsində bu gün ölkə iqtisadiyyatı, hərbi sənayesi və digər sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanın qloballaşan dünyada öz layiqli yerini tutması ilə nəticələnib.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.