ELM VƏ TƏHSİL


BDU-da tədbir: Nizami əsərlərinin kompozisiyası və bədii xüsusiyyətləri

Bakı, 21 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Nizami əsərlərinin kompozisiyası və bədii xüsusiyyətləri” adlı onlayn tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, dekan müavini Şahin Yusifli Şərqşünaslıq fakültəsində “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən silsilə tədbirlər barədə məlumat verərək dahi şairin həyat və yaradıcılığının öyrənilməsi, əsərlərində ədəbi və fəlsəfi ideyaların tədqiqinin zəruriliyini qeyd edib. Həmçinin bu sahədə görülən işlərdə şərqşünasların yaxından iştirakının əhəmiyyətini vurğulayıb.

İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova Nizaminin “Sirlər xəzinə”si əsərinin bədii xüsusiyyətləri, burada istifadə olunan orijinal leksik fiqurlar, dil xüsusiyyətləri, fonetik hadisələr haqqında çıxış edib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Dillər və ədəbiyyat kafedrasının müdiri, professor Tərlan Quliyev Nizami “Xəmsə”sinin quruluşu haqqında çıxışında poemalarda istifadə olunan əruzun bəhrləri barədə danışıb, dahi şairin əsərlərindən sitatlar gətirməklə istifadə olunmuş bəhrlərin imkanlarından bəhs edib.

İran filologiyası kafedrasının dosenti İlhamə Məmmədova Nizaminin “Sirlər xəzinə”si əsərində yer alan minacatlar mövzusunda çıxış edərək onun yaradıcılığında irfani motivləri farsca nümunələr əsasında təhlil edib.

Ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov və fakültənin tədris işləri üzrə dekan müavini Tərlan Məlikov “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan ədəbiyyatının, ana dilimizin, ümumiyyətlə, mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin təbliği ilə bağlı müxtəlif məzmunlu silsilə tədbirlər keçirildiyini, bu kimi tədbirlərin davamlı olacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.