ELM VƏ TƏHSİL
BDU-da tədbir: Qarabağın bərpası və yeni iqtisadi imkanlar
Bakı, 15 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Qarabağın bərpası və yeni iqtisadi imkanlar” mövzusunda onlayn tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə BDU THİK sədri Hacıbaba Mustafayev Vətən müharibəsindən, Qarabağda aparılan yenidənqurma işləri, işğaldan azad olunmuş ərazilərimizə aktiv həyatın qaytarılması və həmin ərazilərdə maddi-mədəni irsin bərpası məsələlərindən bəhs edib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir.
Filologiya fakültəsi üzrə THİK sədri Sezər Məmmədli çıxışında erməni separatçılarının tarixin müxtəlif mərhələlərində xalqımıza qarşı törətdiyi hərbi cinayətlər, işğal nəticəsində ölkəmizə vurulmuş zərər, maddi-mədəni irsimizin daşıyıcısı olan tarixi abidələrimizin, yaşayış məntəqələrimizin dağıdılması ilə bağlı məlumat verib.
Çıxışlarda bildirilib ki, ölkə rəhbərinin yüksək idarəçiliyi ilə işğaldan azad olunmuş Qarabağda bərpa və yenidənqurma işləri sistemli şəkildə həyata keçiriləcək, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcək.