ELM VƏ TƏHSİL
BDU-da tələbələrə müəllimlərin işə qəbulu qaydaları barədə məlumat verilib
Bakı, 13 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Bakı Dövlət Universitetində (BDU) pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələr üçün dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarın keçirilməsində məqsəd ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin buraxılış kursunda pedaqojiyönümlü ixtisaslar üzrə təhsil alan tələbələri həmin müsabiqədə iştiraka təşviq etməkdir.
Seminarda tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyəti dövrünü əks etdirən bukletlər paylanılıb və onların sualları cavablandırılıb.
Eyni zamanda, müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumat verilib və müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunub.