ELM VƏ TƏHSİL


BDU-da ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş dəyirmi masa

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 14-də Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş onlayn dəyirmi masa keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada giriş nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin mühüm tarixi hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Rektor xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Elçin Babayev Ulu Öndərin milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində gördüyünü, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirdiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməyib, cəmiyyətdə yüksək bilikli, intellektual təbəqənin formalaşmasına çalışıb. Dahi və uzaqgörən şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də respublikada milli hərbçi kadrların yetişdirilməsi istiqamətində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması idi.

Elçin Babayev Vətən müharibəsində şanlı Qələbəmizin əsasını təşkil edən xalq-iqtidar birliyinin təməlinin məhz Ulu Öndərin hakimiyyəti illərində qoyulduğunu vurğulayıb.

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Kamilə Əliyeva çıxışında Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafı, ölkə iqtisadiyyatının dirçəldilməsi, respublikanın inkişafına hesablanmış neçə-neçə layihənin həyata keçirilməsi uğurunda misilsiz xidmətlərindən söhbət açıb.

Daha sonra BDU-nun Tarix fakültəsinin professoru İbrahim Zeynalov “Müstəqilliyə gedən yol 1969-cu ilin iyulun 14-də Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən başlayır”, BDU-nun kafedra müdiri, professor İradə Hüseynova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev “1969-1982-ci illərdə Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni mərhələ”, Tarix fakültəsinin magistrantı Ləman Əsədzadə “Milli oyanış: Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan SSRİ-də milli mənəvi dəyərlərin təbliği” mövzusunda məruzə ilə çıxış ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.