BDU əməkdaşı Avropa İttifaqının qrant müsabiqəsinin qalibi olub
AzerTAg.az

Bakı, 26 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşı Günel Əliyeva “ITCs Conference Grant” (“Inclusive Target Countries”) qrant müsabiqəsinin qalibi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, G.Əliyeva İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda ənənəvi təşkil olunan “Nanoscience& Nanotechnology 2023” konfransında iştirak edəcək.
Konfransda G.Əliyeva “Qeyri-kovalent qarşılıqlı təsirlərə əsaslanan Şiff əsasları ilə qrafen oksid nanolaylarının səthi funksionallaşdırılması” mövzusunda məruzə ilə çıxış edəcək.
Məruzəyə təqdim edilən tədqiqat işində qrafen oksidin sintezi və müasir fiziki-kimyəvi tədqiqat üsulları vasitəsilə tədqiqindən bəhs olunur. Qrafen oksidin məqsədli dərman çatdırılmasında istifadəsinə aid çoxsaylı tədqiqatlar aparılıb. Bunu nəzərə alaraq qrafen oksidin səthi yeni Şiff əsasları ilə funksionallaşdırılıb. Sintez olunan üzvi molekullar tamamilə yenidir və quruluşları NMR, FTİR və UV ilə tədqiq edilib. Funksionallaşdırmada bu molekulların istifadəsinin məqsədi Şiff əsaslarının geniş spektrli bioloji aktivlik göstərməsidir.
Qeyd edək ki, müsabiqə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) proqramının “Məsaməli yarımkeçiricilər və oksidlər üzrə tədqiqat, innovasiya və məhsul inkişafı şəbəkəsi (NETPORE)” (Action CA20026) adlı layihəsi çərçivəsində həyata keçirilir.
Xəbərin mətnində orfoqrafik səhv var