ELM VƏ TƏHSİL


BDU əməkdaşları Bosniya və Herseqovinada genom redaktəsi üzrə beynəlxalq təlimdə iştirak ediblər

Bakı, 6 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin və Biologiya fakültəsinin əməkdaşları Xalid Bayramlı, Aygün İsrayılova və Nurlan Əmrahov Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Departamentinin dəstəyi ilə Bosniya və Herseqovinanın Sarayevo Universitetinin nəzdində fəaliyyət göstərən Gen Mühəndisliyi və Biotexnologiya İnstitutunda (İNGEB) keçirilən "Genom redaktəsi” adlı Beynəlxalq praktiki təlimdə iştirak ediblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim genom redaktəsi üzrə məşhur mütəxəssis, Missuri Universitetinin professoru Binq Yanq tərəfindən aparılıb. Təlim zamanı genom redaktəsi texnologiyasının bitkilərdə təşkili, bitkilərin müxtəlif stress faktorlarına davamlılığının artırılması məqsədilə uyğun müdafiə mexanizmlərinin aktivləşdirilməsi, laboratoriya şəraitində RUBY geninin selektiv marker kimi bitkilərdə tətbiqi və müxtəlif stresslərə davamlı genotiplərin yaradılması haqqında geniş nəzəri və praktiki biliklər əldə olunub. Həmçinin genom redaktəsi texnologiyasının nöqtəvi mutasiyaların (SNP) bərpasında rolu praktiki olaraq göstərilib, bitkilərdə CRISPR/Cas 9 sisteminin qurulması mexanizmi və sgRNA dizayn olunması üsulu izah olunub. Müxtəlif sgRNA dizayn üsullarından istifadə edilən onlayn platformalarda (CRISPIR-P 2.0, Ensemble, NCBI) işləmə qaydaları barəsində məlumat əldə olunub.

Təlimdə, həmçinin BDU-da yaradılmış Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının təkmilləşdirilməsi üzrə fəaliyyət planı da müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.