ELM VƏ TƏHSİL


BDU ilə Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında əlaqələr genişlənir

Bakı, 2 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzada Şakulikova ilə görüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Görüşdə rektor E.Babayev bildirib ki, BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Bu baxımdan beynəlxalq əməkdaşlığa, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri inkişaf etdirməyə və onların təcrübəsindən yararlanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verilir.

Rektor türk dövlətlərinin, o cümlədən Qazaxıstanın ali məktəbləri ilə qarşılıqlı əlaqələrin genişlənməsinin xalqlarımız arasında münasibətlərin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. O, BDU-nun artıq Qazaxıstanın iki universiteti ilə ikili diplom proqramı həyata keçirdiyini, universitetdə Abay Kunanbayev adına Qazax Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

Atırau Neft və Qaz Universitetinin rektoru Gülzada Şakulikova rəhbərlik etdiyi ali təhsil müəssisəsinin artıq “Tədqiqat universiteti” statusu aldığını qeyd edib. O, Atırau Neft və Qaz Universitetində universitet-sənaye əlaqələrinin geniş olduğunu, müasir dövrün tələblərinə cavab verən bir neçə müasir elmi-tədqiqat laboratoriyasının fəaliyyət göstərdiyini bildirib. BDU ilə kimya, informasiya texnologiyaları, ekologiya və mühəndislik sahələrində əməkdaşlıq edilə biləcəyini vurğulayan G.Şakulikova rektor Elçin Babayevi Atırau Neft və Qaz Universitetinə dəvət edib.

Sonra BDU və Atırau Neft və Qaz Universiteti arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin və ikili diplom proqramının həyata keçirilməsi barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.