ELM VƏ TƏHSİL
BDU-nun 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin və Xalq Təhsili Muzeyinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş “Milli maarifçilik ənənələrinin böyük davamçısı” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini, dosent Nərgiz Əliyeva “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 14 noyabr tarixli Sərəncamını xatırladıb. N.Əliyeva BDU-nun elmi təhsil müəssisəsi kimi əhəmiyyətini, onun tarixinin tədqiq və təbliğ edilməsinin vacibliyini bildirib. Eyni zamanda, universitetin 100 illik yubileyi münasibətilə Tarix Muzeyinin BDU ilə birlikdə sərgi keçirməyə hazırlaşdığını diqqətə çatdırıb.
Sonra Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova, həmin muzeyin direktor müavini Zülfiyyə Şirinova, BDU-nun professoru Nuru Məmmədov, “Azərbaycan məktəbi” jurnalının əməkdaşı Böyükağa Mikayıllı BDU-nun yaranması və Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin bu sahədəki rolundan bəhs ediblər. Bildirilib ki, BDU-nun təşkilində və onun sonrakı həyatında universitetin ilk rektoru, professor Vasili Razumovskinin, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, Sovet Azərbaycanının ilk hökumət rəhbəri Nəriman Nərimanovun da böyük rolu olub.
Məruzəçilər BDU-nun tarixi haqqında ətraflı məlumat veriblər.
Sonda Xalq Təhsili Muzeyinin BDU-nun tarixi ilə bağlı hazırladığı sərgiyə baxış keçirilib.