ELM VƏ TƏHSİL


BDU-nun Geologiya fakültəsinin tələbələri Daşkəsən və Gədəbəydə istehsalat təcrübəsi keçiblər

Bakı, 17 may, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında müqaviləyə əsasən, BDU-nun Geologiya fakültəsinin IV kurs tələbələri şirkətin Daşkəsən filiz rayonundakı “Çovdar” mədənində istehsalat təcrübəsi keçiblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təcrübə müddətində tələbələr mədəndə müxtəlif süxur və minerallar, onların metasomatik dəyişilmə zonaları ilə tanış olub, filiz kütlələrini, tektonik elementləri izləyib, qızıl filizlərini yerləşdirən yan süxurların petroqrafik tərkiblərini öyrənib, müasir geoloji kompaslar və GPS-lə işləmə vərdişlərinə yiyələniblər.

BDU və “Azerbaijan International Mining Company Limited” şirkəti arasında müqaviləyə uyğun olaraq, Geologiya fakültəsinin bir qrup tələbəsi isə şirkətin Gədəbəy filiz rayonundakı “Gədəbəy”, “Zəfər”, “Qədir”, “Ümid”, “Uğur” mədənlərində istehsalat təcrübəsində olub.

Təcrübə müddətində tələbələr filizlərin aşındırılması meydançasında, doğranılması və üyüdülməsi sexlərində iş prosesləri ilə tanış olublar.

Hər iki istehsalat təcrübəsi zamanı tələbələr axtarış və kəşfiyyatın müasir üsullarını öyrənib, sərbəst şəkildə nümunələrin götürülməsini və makroskopik təsvirini həyata keçiriblər. Gündəlik müşahidələrin sonunda kameral işlərin görülməsi həyata keçirilib, əldə olunan nəticələr qeydiyyat jurnallarına və geoloji xəritələrə köçürülüb. Tələbələr, həmçinin buruqqazma, süxurların partladılması, filizlərin yüklənməsi və emal müəssisələrinə daşınması prosesləri ilə tanış olub, gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji tədbirlər barədə məlumatlandırılıblar.

Təcrübələrin yekununda tələbələr özləri ilə süxur, filiz, mineral nümunələri götürüb, hesabatlar hazırlayıblar. Tələbələrin davranışı, verilən tapşırıqların yerinə yetirilməsi ilə bağlı hər iki şirkət rəhbərliyi tərəfindən müsbət rəylər verilib və təcrübələrin nəticələri əla qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.