ELM VƏ TƏHSİL
BDU-nun Hidrometeorologiya kafedrasının filialında yeni tədris ilinə hazırlıq məsələləri müzakirə olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hidrometeorologiya kafedrasının “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda (“Sukanal” ETLİ) fəaliyyət göstərən filialında 2021-2022-ci dərs ilində tədrisin təşkili ilə bağlı görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Tədrisin təşkili şöbəsinin müdiri Adil Xasayev, “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyev və institut əməkdaşlarının iştirak etdikləri görüşdə yeni tədris ilində filialın fəaliyyəti, tələbələrin istehsalat təcrübəsinin təşkili məsələləri müzakirə olunub.
Fərda İmanov universitetdə təhsil sahəsində həyata keçirilən islahatlar, tədris prosesində tətbiq edilən interaktiv təlim texnologiyaları haqqında məlumat verib.
Vüqar Mirzəyev “Sukanal” ETLİ-də BDU-nun Hidrometeorologiya kafedrasının filialında su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi ixtisaslaşması üzrə təhsil alan magistrantlar üçün yaradılmış şərait haqqında danışıb, filialda tədris olunacaq fənlərin siyahısı və dərs cədvəlinin artıq razılaşdırıldığını qeyd edib.
Sonra BDU və “Sukanal” ETLİ arasında əməkdaşlığın inkişaf etdirilməsi və birgə elmi araşdırmaların yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.