ELM VƏ TƏHSİL
BDU-nun Hüquq fakültəsində şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş
Bakı, 21 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi anılıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə fakültənin dekan vəzifəsini icra edən Cabir Quliyev Vətən müharibəsində şəhid olan universitet məzunları və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, şəhid ailələri və qazilərin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Professor Əmir Əliyev torpaqlarımızın düşməndən azad edilməsində əsl qəhrəmanlıq göstərən şəhidlərimizin xatirəsinə və qazilərə öz ehtiramını bildirib. Onların əsl vətənpərvərlik nümayiş etdirərək 30 il işğal altında olan torpaqlarımızın 44 gün ərzində yağı düşməndən azad edilməsində böyük fədakarlıq göstərdiklərini vurğulayıb.
Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Novruz Mehdiyev, Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Əsmər Əliyeva, fakültənin məzunu, şəhid Ceyhun Şalıyevin xalası Rəna Məmmədova çıxış edərək Vətən müharibəsində qazandığımız şanlı Qələbədən danışıblar. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməklə 30 illik Vətən həsrətinə son qoyduqlarını xüsusi vurğulayıblar.
Vətən müharibəsi qaziləri, fakültənin məzunları Qafar Nəzərov, Şamil Abbasov, Ağadadaş Dadaşzadə, Toğrul Kazımlı, Kənan Qureyişov, fakültənin tələbəsi Şamo İsmayılbəyli keçdikləri döyüş yolundan bəhs ediblər.
Tədbirdə Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda fakültənin II kurs tələbəsi Cavid Mirzəzadə fakültə tələbələrinin adından çıxış edib, müəllifi olduğu “Bayraq” şeirini səsləndirib.