ELM VƏ TƏHSİL


BDU-nun Hüquq fakültəsinin bəzi dərsləri Əqli Mülkiyyət Agentliyində keçirilir

Bakı, 25 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində əqli mülkiyyət hüququ ixtisası üzrə yeni magistr proqramında təhsil alan magistrantların bəzi dərslərinin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində keçirilməsinə başlanılıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, dərslər Agentliyin maddi-texniki bazasından istifadə etməklə standartlara uyğun formada təşkil edilir. Proqram çərçivəsində Agentlikdə "Əmtəə nişanlarının qorunması: beynəlxalq mexanizmlər və əmtəə nişanlarının qeydiyyatı üçün imperativ meyarlar" mövzusunda ilk dərs keçirilib.

Hüquq fakültəsinin müəllimi Aydan Məmmədova tərəfindən magistrantlara əmtəə nişanlarına dair əsas anlayışlar, əmtəə nişanlarının qorunması sahəsində mövcud olan regional və beynəlxalq hüquqi mexanizmlər, həmçinin Avropa İttifaqı Məhkəməsinin bir sıra qərarları barədə məlumat verilib.

Dərsdə magistrant Nəzrin Əliyeva “Əmtəə nişanlarının iqtisadi inkişafda rolu” mövzusunda ingilis dilində təqdimatla çıxış edib. İnteraktiv diskussiyalarla keçirilən dərs hüquqi kazusların müzakirəsi ilə yekunlaşıb.

Daha sonra magistrantlar Agentliyin strukturu, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin müvafiq şöbəsinin iş fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran sualları bu sahədə geniş təcrübəyə malik mütəxəssislərlə müzakirə ediblər.

Fransanın Lyon-2 Universiteti ilə Hüquq fakültəsi arasında magistratura səviyyəsində ikili diplom proqramına əsasən əqli mülkiyyət hüququ ixtisaslaşması üzrə tədris olunan bu dərsin Əqli Mülkiyyət Agentliyində keçirilməsi magistrantlara yeni bilik və bacarıqlar əldə etmək imkanı yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.