ELM VƏ TƏHSİL
BDU-nun Hüquq fakültəsinin professor-müəllim heyəti şəhid Ceyhun Şalıyevin məzarını ziyarət edib
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev və professor-müəllim heyəti şəhid Ceyhun Şalıyevin məzarını ziyarət edib və ailəsi ilə görüşüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. 2015-ci ildə Hüquq fakültəsini bitirən Ceyhun Şalıyev 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Aprel döyüşlərində böyük şücaət göstərən Ceyhun Şalıyev Vətən müharibəsində könüllü olaraq iştirak edib, qəhrəmancasına şəhid olub.
Ceyhun Şalıyev fitri istedadı, təlim-tərbiyəsi ilə professor-müəllim heyətinin rəğbətini qazanıb. Hüquq fakültəsində təhsil aldığı dövrdə “Tələbədən-tələbəyə” layihəsi çərçivəsində yuxarı kurs tələbələrindən aşağı kurs tələbələrinə dərslik və əlavə ədəbiyyatların bağışlanması təşəbbüsünü irəli sürməsi onun həm də son dərəcə mərhəmətli insan olduğunun göstəricisi idi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən, Ceyhun Şalıyev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.