ELM VƏ TƏHSİL
BDU-nun Şərqşünaslıq fakültəsi VI Yapon Mədəniyyəti Festivalında xüsusi proqram təqdim edib
Bakı, 17 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbə və müəllimləri Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin yaradılmasının 30 illiyinə həsr edilmiş VI Yapon Mədəniyyəti Festivalında iştirak ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, festivalı Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi açıb. Səfir qonaqları Azərbaycan dilində salamlayaraq, mədəniyyət festivalına gələn müsafirlərə xoş əhvali-ruhiyyə arzulayıb. Səfir festivalın yapon mədəniyyətinin əsas sahələrini əhatə etdiyini və bütün stendlərin hazırlıq və tərtibatının azərbaycanlı yaponsevərlər tərəfindən yerinə yetirildiyini vurğulayıb.
Festivalda 10 qurum tərəfindən hazırlanmış stend və musiqi təqdimatları nümayiş etdirilib. Azərbaycanda ilk və aparıcı yapon dili məktəbinin yaradıcısı BDU-nun Şərqşünaslıq fakültəsi festivalda ən məhsuldar proqramla çıxış edib.
Şərqşünaslıq fakültəsinin stendləri və musiqi təqdimatları Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimləri və yaponşünaslıq ixtisasının tələbələri tərəfindən hazırlanıb.
Qonaqlar yapon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış olub, ikebanaların yığılmasına, gül kompozisiyalarına, ənənəvi yapon çay mərasiminin keçirilməsinə və oriqamilərin bükülməsinə böyük maraq göstəriblər.
Tədbirin sonunda növbəti festivalların BDU-nun təşkilatçılığı ilə keçirilməsi qərara alınıb.