ELM VƏ TƏHSİL


BDU-nun dosenti: Böyük Zəfərimizlə qürur duyuruq

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmənə qarşı başladığı əks-hücumdan və parlaq Qələbə ilə başa çatan Vətən müharibəsindən bir il ötür. Ötən ilin bu günləri biz çox həyəcanlı idik. Cəbhədə ağır döyüşlər gedirdi. Biz çox inamlı idik. Həmin taleyüklü günlərdə Prezident İlham Əliyevin xalqa etdiyi müraciətlər, zəfər xəbərləri qələbənin yaxında olduğu müjdəsini verirdi. Qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi, hər an yanımızda olduğunu ifadə etməsi inamımızı daha da artırırdı.

Bu fikirləri AZƏRTAC-a Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı söyləyib. O deyib: “Vətən müharibəsi zamanı Prezidentimizin taktiki gedişləri, müdrik və cəsarətli qərarları hamımızı ruhlandırırdı. Əsgər və zabitlərimiz əzmlə, inamla düşmənin üzərinə gedir, arxa cəbhə isə müzəffər Ordumuza hər cür dəstək verirdi. Xalq-iqtidar birliyi uğurumuza yol açırdı. Ulu öndər Heydər Əliyevin təməllərini qoyduğu müstəqil Azərbaycan məhz bu sarsılmaz birliyin sayəsində, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmənə qalib gəldi. 30 il ermənilərin işğalı altında qalan ərazilərimiz azad olundu. 2020-ci il 8 noyabr tarixində Şuşanın azad edilməsi düşmənin belini tamamilə qırdı. Noyabrın 10-da rəzil düşmən təslim oldu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, 30 il davam edən münaqişə tarixə çevrildi.

2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər Paradı dövlətimizin qüdrətini bütün dünyaya göstərdi.

Bu gün Prezidentimizin rəhbərliyi ilə Qarabağımız yenidən dirçəlir. Prezidentimizin: “Əziz Şuşa, biz səni dirçəldəcəyik” kəlamı böyük sevinc və qürur hissləri doğurur. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərləri, həmin ərazilərimizdə həyata keçirilən böyük quruculuq işləri ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.

Tarixi Qələbədən ötən bir il ərzində Şuşa Bəyannaməsinin imzalanması, “Xarıbülbül” Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, Zəfər yolunun istifadəyə verilməsi, Füzuli Beynəlxalq Hava Limanının açılması, yeni yolların, körpülərin, tunellərin təməlinin qoyulması, saymaqla bitməyən işlərin həyata keçirilməsi dövlətimizin qüdrətini göstərir.

44 günlük Vətən müharibəsində Bakı Dövlət Universitetinin əməkdaşları, müəllim və tələbələri, məzunları da həm ön, həm də arxa cəbhədə fədakarlıq nümunəsi göstərdi. 18 tələbə və məzunumuz şəhidlik Zirvəsinə ucaldı.

Bu gün BDU kollektivi, tələbələrimiz, məzunlarımız Qarabağda aparılan quruculuq işlərinə öz töhfələrini verməyə hər an hazırdır. Ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ürəklərdə daim yaşayacaq.

Tanrı Azərbaycanımızı, Müzəffər Ali Baş Komandanımızı, qüdrətli xalqımızı, şanlı Ordumuzu qorusun!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.