ELM VƏ TƏHSİL


BDU-nun dosenti Rahim Məmmədov: Azərbaycan Ordusu Vətən tarixinə yeni qəhrəmanlıq səhifələri yazır

Bakı, 13 oktyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana silahlı təcavüzü beynəlxalq təhlükəsizliyə ciddi təhlükə və təhdiddir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Rahim Məmmədov deyib. O bildirib ki, beynəlxalq hüquqda təcavüz qanunsuz güc tətbiq etmənin ən ciddi və təhlükəli forması olduğuna və özünün fəlakətli nəticələrinə görə ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur.

Bizə məlumdur ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycana məxsus ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə (822, 853, 874, 884) qəbul edib. Lakin həmin qətnamələr işğalçı dövlət tərəfindən yerinə yetirilməyib.

Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın təcavüzünün davam etməsində, bu azmış kimi yeni ərazilərin işğalına yaşıl işığın yandırılmasında, ermənilər tərəfindən işğal olunmuş ərazilərin hüquqi cəhətdən rəsmiləşdirilməsinə cəhd etməsinə zəmin yaradılmasında həm Təhlükəsizlik Şurasının daimi üzvləri, bütövlükdə isə BMT birbaşa məsuliyyət daşıyır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və sonda Azərbaycan ərazilərinin işğal olunması – BMT Nizamnaməsinin 34-cü maddəsinə görə beynəlxalq ixtilafa gətirib çıxara bilən fakt olduğu halda, onu universal tənzimləmə formatından - yəni BMT sistemində bərqərar olan həll mexanizmindən çıxararaq regional formata – ATƏT çərçivəsinə salınması yeni müstəqillik əldə etmiş Azərbaycan dövlətinə, onun suverenliyinə və xalqına qarşı bir xəyanət idi. Halbuki ATƏT 1975-ci ildən kağız üzərində adı xatırlanan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin təşkilata transformasiyasının məhsulu idi. Bu azmış kimi ATƏT çərçivəsində münaqişənin dinc yolla həllinə hesablanmış və üç dövlətin - ABŞ, Rusiya Federasiyası və Fransanın həmsədrliyi ilə Minsk qrupunun yaradılması və indiyə kimi bu problemin həllinə dair heç bir iş görməməsi Ermənistanın yenidən ərazilərimizi işğal etmək kimi xam xəyallara düşməsinə zəmin yaradıb.

“Beynəlxalq hüquq dövlətlər arasında baş verən münaqişələrin həllində üçüncü tərəfin iştirakının mümkünlüyünü münaqişə tərəflərinin qarşılıqlı razılığı ilə şərtləndirir və öz növbəsində üçüncü tərəf öz qərəzsizliyini və bitərəfliyini qoruyub saxlamalı, münaqişənin beynəlxalq hüquq əsasında ədalətli qaydada həllinə dəstək verməlidir. Təəssüflər olsun ki, burada da Azərbaycanın hüquqları bilərəkdən pozulub. Bunu 2016-cı ildə baş verən Aprel döyüşləri və bu ilin iyul hadisələri, o cümlədən hazırda davam edən hərbi əməliyyatlar bir daha sübut etdi. Prezident İlham Əliyev dəfələrlə rəsmi qaydada Minsk formatında münaqişənin həllinin səmərəsiz olması haqqında haqlı fikirlər səsləndirib.

Sual yaranır: Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərindən qeyd-şərtsiz çıxması ilə bağlı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən edilən səyləri səmərəsizdirsə (təbii ki, biz bunun səmərəsiz olduğunun şahidi olduq), onda bu münaqişənin Azərbaycan Respublikası tərəfindən özünümüdafiə hüququ qaydasında həlli imkanı beynəlxalq hüquqla yol veriləndirmi? Bəli, yol veriləndir. Bu hüquq beynəlxalq hüququn əsas prinsiplərindən biri olan güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin normativ məzmunundan doğur. Prinsip müəyyən edir ki, özünümüdafiə hüququ zəruri hallarda istifadə olunmalı, həyata keçirilən tədbirlərə mütənasib olmalı və bu tədbirlər təcavüz üçün müəyyən olunan çərçivələrdən kənara çıxmamalıdır. Keçən ayın 27-dən Ermənistanın işğalçı qüvvələri tərəfindən aktivləşdirilən hərbi əməliyyatlara adekvat cavab vermək, zəbt olunmuş ərazilərimizi işğaldan azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin normativ məzmunundan doğan və özünümüdafiə qaydasında zəruri tədbirlər görülməsi ilə şərtləşən mühüm addımdır. Başqa sözlə, beynəlxalq hüququn bu prinsipi onu ehtiva edir ki, dövlət özünümüdafiə hüququna istinad etməklə öz ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini təmin edə bilər. Bu gün Azərbaycanın həmin hüquqdan yararlanması üçün iki səbəb var: birincisi, BMT və ATƏT-in Ermənistanı sülhə məcbur etmək iqtidarına malik olmaması və ya bunu siyasi mülahizələr ucbatından istəməməsi; ikincisi, Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkməməsidir. O ki qaldı, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə, bu tədbirlər təcavüz üçün müəyyən olunan çərçivələrdən kənara çıxmamaq şərti ilə reallaşdırılır. Azərbaycan Prezidentinin çıxışlarında da xüsusi olaraq vurğulanır ki, bizim Ermənistan ərazisində hər hansı hərbi hədəfimiz və məqsədimiz yoxdur.

Bu gün Vətənimizin işğalçı Ermənistanın silahlı qüvvələrindən təmizlənməsi uğrunda mücadilə aparırıq. Azərbaycan Ordusu, onun igid övladları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirir və bu minvalla Vətən tarixinə yeni səhifələr yazırlar. Bu, hər bir Azərbaycan vətəndaşı üçün iftixar və şərəfdir. Silahlı Qüvvələrimizin döyüş meydanında göstərdiyi şücaət və mərdlik düşməni çarəsizlik dilemması ilə üz-üzə qoyub. Düşmən çıxış yolunu mülki əhalimizi və mülki obyektlərimizi hədəf seçməkdə görür, bununla da beynəlxalq humanitar hüququn prinsip və normalarını kobud şəkildə pozmağa başlayıb. Halbuki beynəlxalq humanitar hüquq, xüsusən, müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə konvensiyaları, habelə müharibənin qanun və adətləri haqqında Haaqa konvensiyaları (1907) mülki əhalinin hərbi hədəfə çevrilməsini qadağan edir və belə əməlləri müharibə cinayəti kimi qiymətləndirir. Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquqla qadağan olunan silah növlərindən istifadə etməkdən də çəkinmir.

Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn prinsip və normalarına ciddi əməl edir.

Ermənistanın təcavüzkar siyasəti, onun ölkəmizə qarşı qanunsuz əməlləri hüquqi müstəviyə çıxarılmalı və bu ölkə öz beynəlxalq öhdəliklərini kobud surətdə pozduğuna görə beynəlxalq məsuliyyətə cəlb olunmalıdır. Bunun reallaşması üçün Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində məsələ qaldırmalıdır. Ermənistanın siyasi və hərbi dairələri törətdiyi təcavüzə, soyqırımına və müharibə cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmalıdır. Bunun alternativi yoxdur. Bundan başqa, ölkəmizin Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək şansı da diqqətdən kənarda qalmamalıdır. Xüsusən, Ermənistanın otuz ilə yaxın Azərbaycana qarşı təcavüzünün davam etməsi müstəvisində.

Sonda öz fikrimi ABŞ Yel Universitetinin professoru Mayers Makduqalın beynəlxalq hüquqla bağlı söylədiyi bir ifadə ilə tamamlamaq istəyirəm. O qeyd edir ki, güc – hüquqdur. Əgər hansısa bir dövlət beynəlxalq münasibətlərdə nəyisə həll edir və ona nail olursa, məhz həmin dövlət beynəlxalq hüququn özüdür. Nəzərə alsaq ki, bizim mücadiləmiz haqq işidir, məqsədimiz işğal olunmuş Vətən torpaqlarını azad etməkdir, deməli beynəlxalq hüquq da bizim maraqlarımıza xidmət edir və edəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.