ELM VƏ TƏHSİL
BDU-nun gənc müəlliminin məqaləsi Q1 kateqoriyalı jurnalda yer alıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Elvin Məlikovun “Funksionallaşdırılmış malein anhidridi- α-okten ilə çoxdivarlı karbon nanoborular əsasında sement qarışıqları üçün potensial möhkəmləndirici qatqı” adlı məqaləsi “Web of Science” bazasında indekslənən Q1 kvartil kateqoriyalı “International Journal of Pavement Engineering” jurnalında yer alıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Müəyyən edilib ki, alınmış yeni materialın müxtəlif konstruksiya materiallarına, xüsusilə də beton konstruksiyalarına və sement qarışıqlarına qatılması onların mexaniki möhkəmliyin dəfələrlə yüksəlməsinə səbəb olur.
Qeyd olunan tədqiqat işi karbon nanoboruların funksionallaşması istiqamətində aparılan elmi-tədqiqat işləri içərisində pioner işlərdən hesab edilir. Gənc alim tərəfindən sintez edilmiş çoxdivarlı karbon nanoborular və qrafen əsaslı yeni materiallar günəş batareyaları, sensorlar və müxtəlif xassəli doldurucu materialların hazırlanmasında istifadə edilə bilər.