ELM VƏ TƏHSİL
BDU-nun həmkarlar ittifaqı komitəsinin sədri beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Rusiyanın paytaxtı Moskvada Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının (AUHTA) 30-cu qurultayı olub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) keçirilən qurultayda MDU-nun rektoru, akademik Viktor Sadovniçi, AUHTA-nın prezidenti, professor Vladimir Kotlobovski, Rusiyanın hökumət və dövlət nümayəndələri iştirak ediblər.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, Avrasiya məkanında yerləşən altı ölkənin 50-dək klassik universitetini özündə birləşdirən bu assosiasiyada ölkəmizi BDU-nun həmkarlar ittifaqı komitəsinin sədri, dosent Fikrət Şiriyev təmsil edib.
Tədbirin əhəmiyyətini vurğulayan akademik V.Sadovniçi universitetlər arasında elm, təhsil əlaqələrinin və sosial əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dosent F.Şiriyevə prezidenti olduğu Avrasiya Universitetlər Assosiasiyasının təşəkkürnaməsini təqdim edib.
Plenar iclasda F.Şiriyevin ölkəmizdə elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğı, Azərbaycan-Rusiya elm, təhsil əlaqələri, Avrasiya məkanında regional inteqrasiyanın əhəmiyyəti və problemləri, həmçinin respublikamızda həmkarlar hərəkatı barədə məruzəsi dinlənilib.
F.Şiriyev Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının vitse-prezidenti seçilib.