ELM VƏ TƏHSİL


“Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı yüksəlib

Bakı, 28 iyun, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyat) beynəlxalq elmi jurnalının təsir əmsalı (impact factor) 3.898-dən yüksələrək 4.771 olub. Beşillik təsir əmsalı isə 2.752-dən 3.172-yə qalxıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə “Web of Science Core Collection” siyahısında olan 267 jurnal arasında 4-cü, Avropa İttifaqında 3-cü yerdə qərarlaşıb. MDB məkanında isə əvvəlki illərdəki liderliyini qoruyub, saxlayıb. Jurnalın redaksiya heyətinə 20 ölkənin 38 tanınmış alimi daxildir. Elmi məcmuənin indiyədək 54 nömrəsi nəşr olunub. Jurnalda 60-dək ölkəni təmsil edən müəlliflərin 520-dən çox məqaləsi çap edilib.

Qeyd edək ki, 2008-ci ildə jurnal “Thomson Reuters” (indiki “Clarivate Analytics”) agentliyinin “Science Citation Index Expanded” siyahısına daxil edilib. Bu təşkilatın illik hesabatına (2009 Journal Citation Reports) əsasən 2010-cu ildə jurnal Azərbaycan elm tarixində ilk dəfə olaraq 0.633 təsir əmsalına layiq görülüb. Tətbiqi riyaziyyatın müxtəlif sahələrinə dair məqalələr çap olunan elmi nəşrin hazırda 500-dən çox tanınmış rəyçisi var.

Jurnalın fəxri redaktoru İllinoys Universitetinin (ABŞ) professoru Tamer Başar, baş redaktorları BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru AMEA-nın Rəyasət Heyətinin üzvü akademik Fikrət Əliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Doğu Akdeniz Universitetinin (ŞKTR) professoru Nazim Mahmudov, BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun elmi katibi dosent Nərgiz Səfərova, aparıcı elmi işçisi Nazilə Hacıyevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.