CƏMİYYƏT
BDU-nun hüquq fakültəsinin tələbələri Hüquqi Yardım və Tədris Mərkəzi ilə tanış olublar
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamından irəli gələrək Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yaradılan və fəaliyyətə başlayan Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin etməkdədir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin 60-dan çox tələbəsi tanışlıq məqsədilə mərkəzdə olublar.
Mərkəzin direktoru, vəkil Şahmar Məmmədov tələbələri qurumun fəaliyyəti ilə tanış edib. Tələbələrə yeni nəsil vəkillərin vətəndaşların hüquqi yardım çatımlılığındakı əvəzsiz rolları barədə məlumat verilib, gələcəkdə tələbələrin vəkil peşəsini seçmələrinə sövq edilməsi üçün onların mərkəzdə təcrübə keçmə imkanları müzakirə edilib.
Mərkəzin tədris məsələləri üzrə koordinatoru, hüquq elmləri doktoru, vəkil Mayis Əliyev gənc hüquqşünasların təcrübi bilikləri ilə bərabər nəzəri biliklərinin artırılması üçün mərkəzin imkanlarından istifadə etmək üçün münbit şəraitin olduğunu qeyd edib.
Görüş zaman 10-dan çox tələbə mərkəzdə könüllü olaraq işləmək istədiklərini bildirib və onların yaxın günlərdə mərkəzdə fəaliyyətə başlamalarına razılıq verilib.
Vəkillər Kollegiyası tərəfindən bu kimi qarşılıqlı faydalı görüşlərin respublikamızın digər ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri ilə də keçirilməsi nəzərdə tutulub.