ELM VƏ TƏHSİL
BDU-nun kollektivi Ali Attestasiya Komissiyasındakı islahatlar barədə məlumatlandırılıb
Bakı, 12 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevlə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elçin Babayev elm və təhsilin vəhdətini özündə birləşdirən, elmin inkişafını təmin edən Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin bu sistemin təkmilləşməsi, onun dünya standartlarına uyğunlaşdırılması, nüfuzunun bərpa olunması, elmi adların, elmi dərəcələrin verilməsi üzrə prosesin şəffaflaşdırılmasına önəm verdiyini diqqətə çatdırıb. Elmi inkişafın bilavasitə təhsilin inkişafı ilə bağlı olduğunu qeyd edən rektor BDU-nun tədqiqat universiteti statusu alması üçün kifayət qədər potensialının olduğunu vurğulayıb.
E.Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin elm və təhsil müəssisələrində görüşlərə ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetindən başlamasının rəmzi mənası olduğunu deyib. O, həmçinin bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb, onun universitetə, elmə verəcəyi töhfədən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev universitet kollektivini 100 illik yubiley münasibətilə təbrik edib. O, təmsil etdiyi qurumla Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığın alimlərin elmi tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə inandığını söyləyib. Ali Attestasiya Komissiyasına verilmiş əlavə səlahiyyətlərdən bəhs edən F.Mustafayev, bundan sonra komissiyanın elmi adların verilməsi ilə yanaşı, elmi müəssisələrin akkreditasiyasını da həyata keçirəcəyini diqqətə çatdırıb.
Sədr Ali Attestasiya Komissiyasındakı islahatlar, elmi dərəcə və elmi adların verilməsi qaydalarındakı yeniliklər haqqında geniş məlumat verib.
Sonra suallar cavablandırılıb.